16:31 - 12.09.2018
12 sentyabr, Fineko/abc.az. “PSG Kapital” investisiya şirkətindən verilən məlumata əsasən, ölkənin ən çox alınıb-satılan qiymətli kağızı SOCAR İstiqrazları yenidən bahalaşıb.
SOCAR Capital şirkətinin verdiyi məlumata əsasən, istiqrazların təkrar bazarda əməliyyat həcmi 160 milyon dolları ötüb.
Hal-hazırda istiqrazın birjada alış qiyməti 1022 dollar, satış qiyməti isə 1008,50 dollardır.
SOCAR istiqrazları ilə REPO-əməliyyat bazarında da fəallıq müşahidə olunub.
Bu əməliyyatlar vasitəsilə istiqraz sahibləri qiymətli kağızlar bazarında 28 milyon dollar vəsait cəlb edib.
Daha əvvəl bildirildiyi kimi, 2016-cı ilin sentyabr ayında SOCAR daxili bazarda 100 milyon dollar dəyərində beş illik istiqrazların ilk buraxılışını həyata keçirmiş, şirkətin istiqrazları üzrə sifarişlər 203,4 milyon dolları keçmişdir.
Emissiya, bir qiymətli kağıza 1 min dollar olmaqla, 100 min istiqraza bölünmüşdür.
Qiymətli kağızların buraxılmasında məqsəd şirkətin maliyyə kanallarını diversifikasiyası və əhali üçün yeni investisiya imkanları yaratmaqdır.
İstiqrazlar üzrə gəlirlilik ildə 5% təşkil edir. Faizlər üç ayda bir dəfə ödənilir.