Ləğv prosesində olan bankların kredit ödənişləri artıq "MilliÖn", "AniPay", m10, "Azərpoçt", ABB və "Kapital Bank" mobildə

14:07 - 14.02.2025


14 fevral, Fineko/abc.az. Ləğv prosesində olan (LPO) bankların müştəriləri kredit ödənişlərini "MilliÖn" ödəniş sistemi və terminalları, habelə AniPay, m10, ABB və “Kapital Bank” ASC-nin mobil tətbiqi vasitəsilə artıq günün 24 saatı, həftənin 7 günü bütün ölkə ərazisində, filiallara getmədən, növbə gözləməyə vaxt itirmədən çevik şəkildə həyata keçirmək olacaq.

Bu barədə ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir.

Borcalanlar "AniPay", "MilliÖn" və m10 ödəniş sistemlərində bank xidmətlərinə daxil olub Əmanətlərin Sığortalanması Fondunu seçib ödəniş edə bilərlər. ABB-yə aid mobil tətbiqdən istifadə zamanı isə müştərilər ödənişlər bölməsini seçib, “Kredit” alt bölməsinə daxil olduqdan sonra fondun adını seçərək ödənişi tamamlaya bilərlər. Həmçinin “Kapital Bank” ASC-nin mobil tətbiqinə daxil olduqdan sonra ödənişlər bölməsini seçib “Dövlət” alt bölməsinə daxil olub fondu seçdikdən sonra qeyd edilən şəkildə ödənişi başa çatdırmaq olar.

Əlavə olaraq bildiririk ki, müştərilər üçün kredit ödənişlərinin əlçatanlığının təmin edilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondu “Azərpoçt” MMC ilə də əməkdaşlığa başlayıb.