Moody"s cari ildə Azərbaycanın ÜDM-nin 2024-cü il səviyyəsində artacağını proqnozlaşdırır

10:21 - 6.02.2025


6 fevral, Fineko/abc.az. Moody"s Beynəlxalq Reytinq Agentliyi 2025-ci ildə Azərbaycanın ÜDM-nin təxminən 4% artacağını proqnozlaşdırır.

"Azərbaycan iqtisadiyyatının artım tempi gözləniləndən daha yüksəkdir. 2024-cü ildə ÜDM 4,1% artmışdır, 2023-cü ildə isə bu göstərici 1,1% təşkil etmişdir. 2025 - ci ildə artım təxminən 4% səviyyəsində gözlənilir", - agentliyin saytında bildirilir, deyə ABC.AZ xəbər verir.

Moody"s Azərbaycanda büdcə ilə bağlı əlverişli vəziyyəti də qeyd edir. Xüsusilə, 2024-cü ildə konsolidə edilmiş büdcə profisiti ÜDM-in 4%-nə (2023-cü ildə - 8,2%) bərabər idi, dövlət büdcəsi kəsiri isə orta səviyyədə olmaqla 1%-ə qədər idi.

"Ümumilikdə dövlət büdcəsinin kəsiri göstəricisi oxşar kredit reytinqi olan ölkələrin və Qazaxıstan kimi digər neft hasil edən dövlətlərin orta səviyyəsindən xeyli aşağıdır ki, bu da Azərbaycanın kredit qabiliyyətinin mühüm amilidir", - agentlik əlavə edir.

Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-ci ildə ÜDM artımını 3,5% səviyyəsində proqnozlaşdırır.