2024-cü ildə taksi daşımalarında 13 513 sahibkara buraxılış vəsiqəsi verilib

12:04 - 10.01.2025


10 yanvar, Fineko/abc.az. 2024-cü ilin dekabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisə etdikdə taksi sifarişlərinin sayında -31- 32% azalma müşahidə edilib.

ABC.AZ xəbər verir ki, bu sözləri nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə heyətinin sədri Anar Rzayev deyib.

Anar Rzayev əlavə olaraq qeyd edib ki, 2024-cü ildə taksi daşımalarında 13 513 sahibkara buraxılış vəsiqəsi verilib. Taksi minik avtomobillərinə verilən buraxılış kartlarının sayı 21 620 ədəd olub: "Tələblərə uyğun olan taksi minik avtomobillərinin buraxılış kartının alınmasına cəlb edilməsi, uyğun olmayan nəqliyyat vasitələrinin taksi fəaliyyətindən kənarlaşdırılması davam etdirilir.

"Buraxılış kartı alan taksilərin 35%-i 2020-2024-cü illər arasında istehsal olunan nəqliyyat vasitələridir. 13 taksi sifarişi operatoruna icazə verilmişdir. Təxminən 34198 taksi sürücüsü təlim keçmişdir. 135 yerdə taksi duracağı mövcuddur və bu şəbəkənin genişləndirilməsi davam etdirilir.  E-Taksi sistemi formalaşdırılıb".