Ağdam Sənaye Parkında 150-dən çox daimi iş yeri yaradılıb

17:13 - 15.10.2024


15 oktyabr, Fineko/abc.az. Ağdam Sənaye Parkının ərazisinin 60%-i dolub.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin Biznes layihələrin təhlili şöbəsinin rəhbəri Aqşin İbişsoy Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirələrində bildirib. 

"Bu sənaye parkına maraq böyükdür. Gələn il orada yer qalmayacaq", - deyə o qeyd edib.

Agentlik rəsmisi həmçinin deyib ki, bu günlərdə Ağdam Sənaye Parkında bir neçə müəssisə fəaliyyətə başlayıb: "Həmin müəssisələr Parka ümumilikdə 40 milyon manatdan artıq investisiya yatırıb, ilkin mərhələdə 150-dən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə iş yerlərinin sayının 456-ya çatdırılması nəzərdə tutulur". (Report)