BOKT sektoru üzrə mənfəətlik kəskin artıb

17:27 - 27.09.2024


27 sentyabr, Fineko/abc.az. Bu ilin I yarısında bank olmayan kredit təşkilatları (BOKT)  sektoru üzrə mənfəətlikdə artım dinamikası mövcuddur.

ABC.AZ xəbər verir ki, bu, Mərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilir.

2024-ci ilin ikinci yarısı BOKT-lər 76.6 mln. manat mənfəətlilik əldə etmişdir ki, bu da 2023-ci ilin müvafiq dövrünün mənfəətindən təqribən 191% çoxdur.

Sektorun mənfəətliliyinin artmasında kredit portfelinin böyüməsi ilə artan faiz gəlirlərindən əlavə kredit təşkilatlarının əməliyyat səmərəliyinin də artması əsas amillərdən olmuşdur. Belə ki, qeyri-faiz gəlirlərinin məcmu gəlirdə payı 14%-dən 25%-ə qalxıb. Sektorun mənfəətliliyinin artımı fonunda ROA və ROE göstəriciləri ötən ilin iyun ayı ilə müqayisədə 2 dəfə artaraq müvafiq olaraq 17.91% və 41% olub.

Sektorun kapital mövqeyi bölüşdürülməmiş mənfəətin artımı fonunda genişlənib. Yarımil ərzində BOKT-lərin kapitalı 19% (59 mln. manat) artaraq 374 mln. manat təşkil edib.

Kapitalın artımı həm kapital inyeksiyası, həm də BOKT sektorunun bölüşdürülməmiş mənfəəti hesabına olub. Belə ki, yarımil ərzində bölüşdürülməmiş mənfəət təqribən 61% (63 mln. manat) artaraq 166 mln. manat, nizamnamə kapitalı isə 3.4% (6.9 mln. manat) artaraq 211 mln. manat təşkil edib.