15:16 - 29.07.2024
29 iyul, Fineko/abc.az. Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) inşa olunan Çəndə Qələviləşdirmə Zavodu tam rejimdə işə salınıb.
ABC.AZ xəbər verir ki, işə salma mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov da iştirak edib.
Zavod Daşkəsən və Göygöl rayonlarında yerləşən qızıl mədənlərindən hasil edilən qiymətli metal filizlərinin emalında səmərəliliyin daha da artırılması məqsədilə inşa edilib. “AzerGold” QSC tərəfindən zavodla bağlı layihənin icrası üçün tələb olunan 383 milyon manat vəsait daxili imkanlar hesabına təmin edilib. Bölgədə əhalinin məşğulluğunun artırılmasına töhfə olan layihənin icrası ilə daha 101 daimi iş yeri yaradılıb. Bununla da “Çovdar” layihəsi çərçivəsində regionda məşğulluğa cəlb edilən vətəndaşların sayı 2400 nəfərə yaxınlaşıb.
Yeni zavodun tam gücü ilə fəaliyyətə başlaması regional sosial-iqtisadi inkişafa, qiymətli metalların ixrac potensialının artmasına töhfə verəcək.
18 Avqust 2026