Ödənişli yolda xüsusi çip yerləşdirilmiş kartlardan istifadəyə başlanılır

17:27 - 17.07.2024


17 iyul, Fineko/abc.az. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda sürətli keçid zolağı sürücülərə ödəniş məntəqələrində sürəti endirmədən və dayanmadan keçməyə imkan verir. Bunun üçün sürücüdə öncədən əldə edilən TEQ (xüsusi çipli kart) və yetərli ödəniş balansının olması kifayətdir. Dayanmadan keçidi təmin edən zolaqlarda ən son texnoloji standartlara uyğun xüsusi nömrə oxuma kameraları, təhlükəsizlik kameraları, avtomobilləri klassifikasiya etməyə imkan verən avadanlıqlar və digər innovativ texnoloji avadanlıqlar quraşdırılıb. 

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Analtik İnformasiya Mərkəzinin İnformasiya Texnologiyaları üzrə şöbə rəisi Rizvan Mansurov bildirib.

Onun sözlərinə görə, dayanmadan keçid zolaqları ödənişli yolun yalnız başlanğıc və son nöqtəsində, yəni Yaşma və Xaçmaz (SDK) məntəqələrində mövcuddur.

“Yolun Giləzi, Siyəzən, Gəndov və Xaçmaz yaşayış məntəqələrinə birləşən yolların girişində inşa edilmiş məntəqələrdə isə yalnız hibrid keçid zolaqları qurulub ki, bu keçid formasından istifadə üçün qeyd edilən satış nöqtələrindən TEQ əldə etmək lazımdır. Yaxın gələcəkdə “MilliÖn” ödəniş terminallarından ödəniş forması da əlçatan olacaq. Qeyd edilən ödəniş üçün keçid məntəqələri “MilliÖn” terminalları ilə təchiz edilib. Eyni zamanda, bəhs olunan ödəniş forması həm yerli, həm də əcnəbi vətəndaşların istifadəsi üçün əlçatandır”, - deyə şöbə rəisi vurğulayıb.