Rusiya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda 24 layihə üzrə müraciət ediblər

15:54 - 15.07.2024


15 iyul, Fineko/abc.az. Azərbaycan İqtisadiyyat Nazirliyi Rusiya şirkətlərindən Qarabağ və Şərqi Zəngəzurda işləmək üçün 24 layihə ilə bağlı müraciətlər alıb. 

ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Qafqaz İnvestisiya Forumu çərçivəsində "Avrasiya üzrə tərəfdaşlarla beynəlxalq əməkdaşlığın inkişafı üçün Qafqazın rəqabət üstünlükləri" mövzusunda dəyirmi masada çıxış edərkən bildirib.

"Biz azad edilmiş ərazilərdəki layihələrdə Rusiya şirkətlərinin fəal iştirakını gözləyirik ki, bu da, şübhəsiz ki, [Azərbaycan və Rusiya arasında] tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə kömək edəcək. İndiyə qədər azad edilmiş ərazilərdə işləmək üçün Rusiya şirkətlərindən 24 layihə üzrə Azərbaycan İqtisadiyyat Nazirliyinə müraciətlər daxil olub", - deyə nazir müavini bildirib. O vurğulayıb ki, orada çalışan şirkətlərə "çox sərfəli güzəştlər" verilir.