16:45 - 5.07.2024
5 iyul, Fineko/abc.az. Xocalı Hava Limanının infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra təkmilləşdirmə işlərinin aparılması nəzərdə tutulub. Belə ki, mövcud uçuş-enmə zolağının uzunluğu 3000 metrədək, eni isə 60 metrədək genişləndiriləcək.
ABC.AZ xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Samir Rzayev iyulun 5-də Xocalı Hava Limanında görüləcək işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
Qeyd edilib ki, hava limanının ərazisinin optimallaşdırılması işləri həyata keçiriləcək və burada ümumi sahənin 177,27 hektar, perron ərazisinin isə 47 min kvadratmetr olması planlaşdırılır. Görüləcək bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçiriləcək, hava limanı ən müasir səviyyəyə çatdırılacaq.
Bildirilib ki, dəniz səviyyəsindən 575 metr hündürlükdə yerləşən Xocalı aeroportunun ərazisi 188,5 hektardır. Hazırda hava limanında 2170 metr uzunluğunda və 45 metr enində bir uçuş-enmə zolağı, iki sürmə yolu, bir perron və bir terminal mövcuddur. Perron ərazisində hava gəmiləri üçün ümumilikdə üç dayanacaq mövcuddur.
18 Avqust 2026