MMC-lər buna görə 2000 manatadək cərimə olunacaq

16:25 - 31.05.2024


31 may, Fineko/abc.az. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsi və ya ödənilmiş nizamnamə kapitalı barədə məlumatın verilməməsinə görə inzibati məsuliyyət müəyyənləşir. 

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Mülki Məcəllədə nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 2 min manat məbləğində cərimə ediləcək.

Məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında” qanunda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma (orqana) verilməməsinə görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcəklər.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.