Rusiyanın "Tinkoff" bankı şəriət normalarına uyğun islam kartı təqdim edir

17:09 - 16.05.2024


16 may, Fineko/abc.az. "Tinkoff" yalnız İslam bankçılığı üzrə eksperimentin iştirakçısı olan regionların sakinlərinin deyil, Rusiya Federasiyasının bütün regionlarının istifadə edə biləcəyi İslam kartını buraxmağı planlaşdırır. 

ABC.AZ xəbər verir ki, bu barədə “Tinkoff” İslam maliyyəsi istiqamətinin rəhbəri Asxat Giniyatov "Rusiya - İslam dünyası: KazanForum 2024" XV Beynəlxalq İqtisadi Forumunda bildirib.

"İslam bankçılığı çərçivəsində hazırlanan məhsullar Tatarıstan Respublikası Müsəlmanları Ruhani İdarəsi tərəfindən təsdiqlənib", — deyə o bildirib.

Bank kartı 2024-cü ilin ikinci yarısında istifadəyə verməyi planlaşdırır.

Qeyd olunur ki, kart sahiblərinə, o cümlədən Özbəkistan, Tacikistan, Qırğızıstan və digər müsəlman ölkələrinin sakinlərinə müəyyən edilmiş limit çərçivəsində komissiya olmadan köçürmələr təqdim olunacaq. Bundan əlavə, İslam kartı sahibləri qumar oyunları, tütün məhsulları, spirtli içkilər, lombard xidmətləri və s. üçün ödəniş edə bilməyəcəklər.