“Politico”: Avropada ABŞ-dan artıq enerji asılılığından qorxurlar

10:15 - 6.04.2024


6 aprel, Fineko/abc.az. Avropa ölkələri ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün azalması və bu növ yanacağın qiymətinin artması səbəbindən Vaşinqtondan həddindən artıq enerji asılılığından qorxurlar.

ABC.AZ xəbər verir ki, bu barədə “Politico” qəzetinin materialında deyilir.

Məlumata görə, ABŞ prezidenti Co Bayden ekoloji səbəblərə görə LNG-nin xaricə tədarükü üçün yeni müqavilələrin bağlanmasını dayandırmaq qərarına gəldikdən sonra, avropalılar tədarükün azalması və onlar üçün qiymətlərin artması ilə əlaqədar getdikcə daha çox narahat olurlar, qitənin Vaşinqtondan çox asılı olub-olmadığını düşünürlər.

Bu,  Rusiyanın ucuz enerjisindən imtina etdikdən sonra AB ölkələrinin LNG infrastrukturuna milyardlarla pul xərcləməsi və ABŞ-dan bu növ yanacaq tədarükü üçün onlarla yeni müqavilə imzalaması ilə bağlıdır.