Vergi ödəyicilərinin neçə faizi fiziki şəxsdir?

12:30 - 13.03.2024


13 mart, Fineko/abc.az. 2024-cü ilin mart ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 531 min 963 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxs, 12,7 faizi hüquqi şəxs və digər təşkilatlar olub. 

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,8 faiz (ümumi artımın 86,6 faizi), hüquqi şəxslərin sayı isə 8,3 faiz (ümumi artımın 13,4 faizi) artıb.

Təhlil aparılan dövrdə vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,7 faiz olub. Kommersiya qurumlarının sayı 178 min 323 vahid təşkil edib və müqayisə edilən dövr ərzində 9 faiz artıb.

2024-cü ilin yanvar-fevral aylarında 2 min 62 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 1857-si yerli investisiyalı, 205-i isə xarici investisiyalı müəssisələrdir. Bu dövrdə qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 85,7 faiz təşkil edib. Bu ilin iki ayında yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 200 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 9,5 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 10,3 faiz təşkil edib.