Mərkəzi Bankdan yeni qərar - İnnovativ tələblər müəyyənləşib

14:56 - 15.02.2024


15 fevral, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyəti “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nı təsdiqləyib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Mərkəzi Bank sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, xüsusi tənzimləmə rejimi çərçivəsində sınaq üçün innovativ məhsul və ərizəçi ilə bağlı tələblər müəyyənləşib.

Belə ki, innovativ məhsul yerli bazar üçün yeni olmalı və bazarda maliyyə inklüzivliyini artırmalı, maliyyə xidmətlərinin istifadəçiləri üçün təhlükəsiz, daha əlçatan olmalı, eləcə də real rejimdə sınaqdan keçirilmək üçün hazır olmalı, məhsulun tətbiqi potensial sistem riskləri yaratmamalı, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi imkanlarını artırmamalı, onunla bağlı risk təhlili aparılmalı, mümkün risklərin, o cümlədən istifadəçilərin məlumatlarının konfidensiallığının və qanuni mənafelərinin pozulmasının qarşısının alınması üçün görüləcək tədbirlər müəyyən edilməli və ərizəçinin benefisiar mülkiyyətçiləri, idarəetmə funksiyalarını yerinə yetirən şəxsləri, habelə mühüm iştirak pay sahibləri, həmin sahib hüquqi şəxs olduqda onun icra orqanının rəhbəri vətəndaş qüsursuzluğuna malik olmalıdır.