16:53 - 30.01.2024
30 yanvar, Fineko/abc.az. Avtomobillərin utilizasiya haqqının məbləği, güzəşt məbləği və birdəfəlik ödənişin həcminin müəyyənləşdirilməsi ilə bağlı əsas prosedurlar başa çatıb, proses son mərhələdədir.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İbrahim Məmmədov qeyd edib ki. yaxın günlərdə Nazirlər Kabinetinin bununla bağlı qərarı olacaq.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Kollegiyasının “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da etdiyi dəyişikliyə əsasən, fevralın 1-dən nəqliyyat vasitələrinin dövlət texniki baxışının keçirilməsinin məqsədlərindən biri də utilizasiya haqqının ödənilməsi barədə sənədin olmasına nəzarəti təmin etmək olacaq.
Qanuna əsasən, avtomobillər istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə dövlət texniki baxışından keçməlidir və bu zaman hər dəfə utilizasiya haqqının ödənilməsi də tələb olunacaq.