15:06 - 12.01.2024
12 yanvar, Fineko/abc.az. Dövlət Vergi Xidməti tərəfindən 2023-cü il ərzində müxtəlif vergi cinayətləri faktları üzrə ümumilikdə 643 cinayət işi başlanılıb.
ABC.AZ xəbər verir ki, 2023-cü ildə əvvəlki ildən qalıq qalmış işlər nəzərə alınmaqla, cəmi 158 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Onlardan 88 cinayət işinin icraatına xitam verilib, 83 nəfər barəsində ittiham elan edilməklə 70 cinayət işi məhkəməyə göndərilib, 10 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaqı tamamlanmış 88 cinayət işindən 37 iş üzrə vergi ödəyiciləri tərəfindən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyindən, həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri nəzərə alınmaqla dövlət büdcəsinə ödənilmiş məbləğ 22 milyon manatdan çox olub.
2023-cü il ərzində ümumilikdə 44,4 milyon manat məbləğində ziyanın dövlət büdcəsinə ödətdirilməsi təmin edilib. Bundan əlavə, vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 6 milyon manat vəsait ödətdirilib.