Türk dövlətləri içərisində dövlət büdcəsinin artımı baxımından ən yaxşı göstərici Türkiyədə qeydə alınıb

15:18 - 29.12.2023


29 dekabr, Fineko/abc.az. “Türk iqtisadi icmalı”nın 2023-cü il üçün növbəti sayı təqdim olunub.

ABC.AZ xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Türk iqtisadi icmalı”nın üçüncü sayında təqdim edilib.

2023-cü ilin yanvar-sentyabr ayları üzrə əsas iqtisadi göstəriciləri əhatə edən budəfəki icmal iki bölmədən ibarətdir.

Birinci bölmədə Türk Dövlətləri Təşkilatının (TDT) üzvlərinə dair ümumi baxış təqdim edilib, onların ərazi, əhali, ümumi daxili məhsul (ÜDM) və ticarət dövriyyəsi üzrə ümumiləşdirilmiş göstəriciləri və dünyadakı payı təsvir edilib, türk ölkələrinin ayrı-ayrılıqda ÜDM artımının müqayisəsi aparılıb.

İcmalın TDT üzvlərinə ümumi baxış statistikasında göstərilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin ilk üç rübündə Türkiyə iqtisadiyyatı 5,9 faiz, Azərbaycan iqtisadiyyatı 0,8 faiz, Özbəkistan iqtisadiyyatı 5,8 faiz, Qırğızıstan iqtisadiyyatı 4,2 faiz, Qazaxıstan iqtisadiyyatı isə 4,7 faiz böyüyüb.

“Türk iqtisadi icmalı”nın ikinci bölməsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın 2023-cü ilin ilk doqquz ayı üzrə əsas makroiqtisadi göstəriciləri müqayisəli şəkildə verilib. Belə ki, dövlət büdcəsinin artımı baxımından ən yaxşı göstərici 74,2 faizlə Türkiyədə qeydə alınıb. Türkiyənin dövlət büdcəsinin gəlirləri 125 630,7 milyon ABŞ dolları olub. Xarici ticarətdə ən yüksək saldoya Azərbaycan (ticarət balansı 8 363,5 milyon ABŞ dolları) və Qazaxıstan (ticarət balansı 13 023.3 milyon ABŞ dolları) malikdir.