Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi təsdiqlənib

10:20 - 13.12.2023


13 dekabr, Fineko/abc.az. Azərbaycanda gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi təsdiqlənib.

ABC.AZ xəbər verir ki, sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiya qərarı ilə təsdiqlənib. Sənədə DGK-nin sədri Şahin Bağırov imza atıb.

Bu kodeks Gömrük Məcəlləsinin və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanıb və DGK Aparatında və strukturuna daxil olan gömrük orqanları və qurumlarında xidmət keçən xüsusi rütbəli vəzifəli şəxslərə, habelə gömrük orqanlarında xüsusi rütbə nəzərdə tutulmayan vəzifələrdə çalışan əməkdaşlara şamil edilir.

Ümumi olaraq qeyd edilir ki, hər bir gömrük orqanı əməkdaşı qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və etik davranış tələblərini rəhbər tutaraq bu Kodeksin müddəalarını öyrənməli və ona əməl etməlidir.