Son 20 il ərzində sənaye məhsullarının illik dəyəri 21.6 dəfə artıb - Nazir

10:33 - 20.10.2023


20 oktyabr, Fineko/abc.az. Son 20 il ərzində Azərbaycanda istehsal olunan sənaye məhsullarının illik dəyəri 21.6 dəfə artaraq 4 milyard manatdan 86.4 milyard manata çatıb.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan qəzetində dərc edilmiş “Azərbaycan: güclü iqtisadi potensialı olan qalib dövlət” adlı məqaləsində yazıb.

Nazir məqaləsində bunları qeyd edib: "Sənaye məhsulunun ümumi həcmində özəl sektorun payı 2002-ci ildə 54.9% olduğu halda, 2022-ci ildə 87.6% təşkil edib. “2002-2022-ci illərdə ölkənin qeyri-neft-qaz sənayesində istehsalın həcmi 1.6 milyard manatdan 17.7 milyard manata çatıb ki, bu da 4.3 dəfə real artımdan xəbər verir”.

Bundan başqa, nazir bəyan edib ki, iqtisadi diversifikasiyada sənayenin innovativ üsullarla inkişafı və şaxələndirilməsi önəmli rol oynayır: “İdxalı əvəz edən, yeni ixrac imkanları yaradan, eləcə də müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması bu kontekstdə dəyərləndirilə bilər”.

M.Cabbarov vurğulayıb ki, sənayenin inkişafına yönəlmiş əhəmiyyətli mexanizmlərdən biri dövlət başçısının təşəbbüsü ilə sənaye zonalarının – sənaye parkları və məhəllələrinin yaradılmasıdır: “Ölkədə 7 sənaye parkı – Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları, 5 sənaye məhəlləsi – Neftçala, Masallı, Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələri yaradılıb. Azərbaycanda sənaye zonalarında ümumilikdə 10.23 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3.35 milyard manatlıq hissəsi ixrac olunub. Cari ilin birinci yarısında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 1.4 milyard manatlıq məhsul satılıb ki, bunun da 33.2%-i, yəni 470.6 milyon manatlıq hissəsi ixracın payına düşür".