Azərbaycanın bank və sığorta sektorları - İntensiv Əməkdaşlığa Başlayır

15:59 - 6.10.2023


6 oktyabr, Fineko/abc.az. "Azərbaycan Banklar Assosasiyası" (ABA) və "Azərbaycan Sığortaçılar Assosasiyası" (ASA) İctimai Birlikləri əhalinin və biznesin müxtəlif xarakterli risklərə qarşı müdafiəsinin gücləndirilməsi məqsədilə genişmiqyaslı intensiv əməkdaşlıq platforması formalaşdırıb.

ABC.AZ xəbər verir ki, platforma bank müştərilərinin həyatı, sağlamlığı və əmlakı ilə bağlı mövcud olan risklərə qarşı sığorta təminatının genişləndirilməsini, bu məqsədlə müştərilərə dəyər qazandıran sığorta məhsullarının birgə inkişaf etdirilməsini və müştərilərə təqdim edilməsini nəzərdə tutur.

Bu məqsədlə birgə layihə şurası təsis edilib, müxtəlif ekspert işçi qrupları yaradılıb. Platforma çərçivəsində ilk olaraq istehlak krediti müştərilərinin həyat sığortasının genişləndirilməsi nəzərdə tutulub. İstehlak krediti üzrə həyat sığortası müştərilərin ölüm və əlillik risklərinə sığorta təminatını əhatə edir.