Altı ayda 45 valyuta hərracı keçirilib

16:01 - 16.08.2023


16 avqust, Fineko/abc.az. Cari ilin altı ayında Mərkəzi Bankda ARDNF-in valyuta satışlarının həyata keçirilməsi üzrə 45 valyuta hərracı keçirilib. 

ABC.AZ Mərkəzi Banka istinadla xəbər verir ki, hesabat dövründə valyuta hərraclarının 98 faizində təklif tələbi üstələyib. Dövr ərzində Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olub.

Hesabat dövründə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil edib. 

Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6955 manat, satış məzənnəsi isə 1.7024 manat təşkil edib.

Hesabat dövründə manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı müxtəlif istiqamətdə dəyişib. Belə ki, manatın məzənnəsi nominal olaraq Türkiyə lirəsinə, Rusiya rubluna, Yaponiya yeninə, Çin yuanına qarşı bahalaşıb, avroya, İngiltərə funt-sterlinqinə, Qazaxıstan tengəsinə, İsveçrə frankına və Gürcüstan larisinə qarşı ucuzlaşıb.