Qeyri-neft-qaz sektoruna qoyulan investisiyalar  artıb

12:34 - 10.08.2023


10 avqust, Fineko/abc.az.  Cari  ilin yeddi ayında Azərbaycanda əsas kapitala 9 114,9 milyon manat və yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8 % çox vəsait yönəldilib.“

ABC.AZ  Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 15 %, qeyri-neft-qaz sektoruna investisiyalar isə 24,3 % artıb.

Cari ilin yanvar-iyul aylarında istifadə olunmuş vəsaitin 5 045 milyon manatı və yaxud 55,3 %-i məhsul istehsalı sahələrinə, 3 600,5 milyon manatı və yaxud 39,5 %-i xidmət sahələrinin, 469,4 milyon manatı və yaxud 5,2 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 6 877,5 milyon manatını və yaxud 75,5 %-ni daxili vəsaitlər təşkil edib, 6 679 milyon manatı və yaxud 73,3 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 44,7 %, büdcə vəsaitləri 39,7 %, əhalinin şəxsi vəsaitləri 6,7 %, bank kreditləri 3,0 %, sair vəsaitlər isə 5,9 % paya malik olub.