Nazirlər Kabinetində Naxçıvanla bağlı iclas keçirilib, tapşırıqlar verilib

15:02 - 21.07.2023


21 iyul, Fineko/abc.az. Nazirlər Kabinetində (NK) “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” ilə bağlı iclas keçirilib.

Bu barədə ABC.AZ-a Nazirlər Kabinetindən məlumat verilib.

Azərbaycan Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, Dövlət Proqramının Tədbirlər Planına və müəyyənləşdiriləcək maliyyə vəsaitinin həcminə uyğun olaraq, 2023–2024-cü və 2025–2027-ci illər üzrə Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin icrasının təmini üçün daha təfsilatlı layihələr hazırlanaraq Azərbaycan Prezidentinə təqdim edilsin, habelə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin əlaqələndirilməsi və icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilsin.