Azərbaycanda iyul-avqust aylarında inflyasiya yavaşlayacaq

14:06 - 21.07.2023


21 iyul, Fineko/abc.az. Azərbaycanda iyul-avqust aylarında inflyasiyanın iyun göstəricisinə yaxın səviyyəyə enməsi gözlənilir.

ABC.AZ xəbər verir ki, bu proqnozla Rusiyanın “Qazprombank” ASC-nin Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina çıxış edib.

Onun sözlərinə görə, iyun ayında inflyasiya səngiməkdə davam etsə də, hələ də təkrar maliyyələşdirmə dərəcəsini və hədəf dəhlizinin yuxarı həddini üstələyir.

“Azərbaycanda inflyasiya 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin iyun ayında 10,6 %-ə enib, may ayı ilə müqayisədə isə 0,9 faiz bəndi azalıb. Eyni zamanda, inflyasiya Azərbaycan Mərkəzi Bankının hədəf dəhlizini (4 % +/-2 faiz bəndi) üstələməkdə davam edir. Belə ki, ölkədə inflyasiya səviyyəsi hədəf dəhlizinn yuxarı həddini 460 baza bəndi, təkrar maliyyələşdirmə dərəcəsini isə 160 baza bəndi üstələyir. Qiymət artımının ləngiməsi bütün seqmentlərdə – ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlər üzrə davam edib”, – o bildirib.