“Access2Success”: qadınlar üçün biznesdə yeni başlanğıc

17:51 - 19.06.2023


19 iyun, Fineko/abc.az. “Access Bank” QSC-nin və əsas səhmdarı olan Asiya İnkişaf Bankının dəstəyi ilə keçirilən və qadın sahibkarlar üçün nəzərdə tutulmuş “Access2Success” layihəsi uğurla başa çatıb.

Sahibkarlığa ilk addımlarını atan qadınların inkişafına yönəlmiş layihəyə 50 qadın qatılmışdı. İştirakçılar konsaltinq, turizm, təhsil, səhiyyə, eko məhsullar, dekor, geyim və aksessuar kimi sahələri təmsil edirdilər.

5 həftə davam edən “Access2Success” layihəsində qadın sahibkarlara biznesin strateji inkişafı, böhran dönəmində idarəçilik, dövlət qurumlarına hesabatların verilməsi, satış, marketinq, elektron ticarət, kadrların idarə edilməsi, biznesə nəzarət mövzularında təlimlər keçirilib. Təlimləri ölkənin ən güclü ekspertləri keçirib.

Təlimin son günlərində iştirakçılar seminarlar ərzində öyrəndikləri nəzəri bilikləri gələcək bizneslərində necə tətbiq edəcəkləri barədə təqdimatlarla çıxış ediblər. Yekun tədbirə “AccessBank” rəhbərliyi, Asiya İnkişaf Bankının Azərbaycan ofisinin nümayəndələri və  proqramın mentorları qoşularaq iştirakçılara bizneslərində uğurlar arzu ediblər.

Azərbaycanda mikro və orta sahibkarlığın kreditləşdirməsi üzrə lider olan “AccessBank” qadın sahibkarlar üçün rəqabətli biznes mühitinin təkmilləşdirilməsi ilə bağlı təlimlərini artıq ikinci dəfə idi ki, həyata keçirirdi. Ötən ildən reallaşdırılan layihədə Bankın məqsədi mikro, kiçik və orta biznesləri idarə edən və onları genişləndirmək niyyətində olan xanımları dəstəkləmək və bu istiqamətdədə Azərbaycanın biznes mühitinə dəstək olmaqdır.

“Access Bank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və yaxud Bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

“Access Bank” xidmətlərini Azərbaycan Mərkəzi Bankının verdiyi 25 oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3 ünvanında yerləşir.