Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib

17:10 - 24.05.2023


24 may, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən 25 oktyabr 2007-ci il tarixdə 35 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Günay Bank” ASC "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Fonddan bildirilib.

Qeyd edilib ki, Mərkəzi Bankın İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından aaz olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Günay Bank” ASC-nın lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli 2-3(103)-42/2023 saylı qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və barəsində iflas proseduruna başlanıb.