Azərbaycanda biznes kreditləri yumşaldılıb

12:21 - 6.04.2023


6 aprel, Fineko/abc.az. Azərbaycanda biznes kreditlərinin şərtlərində yumşalmalar olub.

Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, biznes kreditləri üzrə risklər nəzərə alınmaqla, real sektorun maliyyələşməsində bankların rolunun stimullaşdırılması məqsədilə onlara digər növ kreditlərlə müqayisədə (məsələn, istehlak kreditləri) daha yumşaq prudensial normalar tətbiq edilir.

“Bu növ kreditlər üzrə bankların requlyativ kapitalının hesablanmasına birbaşa təsir edən ehtiyat normaları və risk dərəcələri daha aşağı səviyyədə müəyyən edilib. Eyni zamanda, AMB bankların iqtisadiyyatın real sektorunu maliyyələşdirməsinin stimullaşdırılması məqsədilə requlyativ alətlərin qabaqcıl beynəlxalq təcrübələr əsasında araşdırılmasını daimi əsasda davam etdirir və həmin alətlərin tətbiqi imkanlarını diqqətdə saxlayır", - deyə AMB-nin açıqlamasında qeyd olunub.