Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər açıqlanıb

12:12 - 30.12.2022


30 dekabr, Fineko/abc.az. 2023-cü ildə əsas ixrac məhsulları üzrə dünya qiymətləri, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft məhsul və xidmət ixracı potensialının reallaşması Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaq.

ABC.AZ xəbər verir ki, bu Mərkəzi Bankın bəyanatında öz əksini tapıb.

“Qiymətləndirmələrə görə, 2023-cü ildə də tədiyə balansının cari əməliyyatlar hesabında profisit gözlənilir. İxracın strukturunun diversifikasiyası cari hesabı balanslaşdıran neft qiymətinin rolunun azalmasına səbəb olur. 2022-ci ilin 9 ayında tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 30.7%-i səviyyəsində profisit yaranıb. Sonrakı aylarda da xarici sektorda müsbət proseslər davam edib. Ümumilikdə ilin 11 ayında tədiyə balansının əsas komponenti olan xarici ticarət balansında 23.5 mlrd. ABŞ dolları məbləğində və ya ötən ilin müvafiq dövrünə nəzərən 2.5 dəfə çox müsbət saldo yaranıb. Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları 11 ayda 12.3% və ya 6.5 mlrd. ABŞ dolları artaraq 59.8 mlrd. ABŞ dollarına çatıb” deyə bəyanatda qeyd edilib.