Azərbaycan borclanmanı azaldıb

16:01 - 3.11.2022


3 noyabr, Fineko/abc.az. “Azərbaycan hökuməti borclanmaya nəzərdə tutulandan az gedib”.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, dövlət borcunda xarici borcun payı azaldılmalı, əvəzində daxili borclanma artırılmalıdır: “Daxili borclanma yerli maliyyə bazarlarının dayanıqlılığını artırır.

Buna görə də, çalışacağıq ki, xarici borclanmanı sabit saxlayaq və yaxud azaldaq, əvəzində daxili borclanmanı artıraq”.

Qeyd edək ki, Hesablama Palatası “2023-cü il dövlət büdcəsi” haqqında qanun layihəsinə verdiyi rəydə bəyan edib ki, Maliyyə Nazirliyi bu ilin dövlət büdcəsində qalıq olduğu halda, daxili borclanmaya gedib.