Neft Fondundan büdcəyə xərclənən transfertlər ötən illə müqayisədə bu qədər azalıb

11:31 - 2.11.2022


2 noyabr, Fineko/abc.az. Yenilənmiş büdcə qaydası çərçivəsində 2023-cü il üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə ayrılacaq vəsaitlər azaldılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının 2023-cü il dövlət büdcəsi iləbağlı rəyində bildirilir.

Rəydə deyilir ki, 2023-cü ilin dövlət büdcə layihəsində DNF-dən dövlət büdcəsinə 11 milyard 280 milyon manat transfert nəzərdə tutulub ki, bu da 2022-ci ilin yenilənmiş büdcəsi ilə müqayisədə 237,5 mln. manat və ya 2,1% azdır.

Xatırladaq ki, “Büdcə zərfi”ndə mümkün risklərdən sığortalanmaq məqsədilə ehtiyatlı yanaşma tətbiq edilərək, 2023-cü ilin büdcəsində xam neftin ixrac qiyməti 50 dollar nəzərdə tutulub.

Neftin faktiki qiyməti bu proqnozla müqayisədə yüksək olarsa, və qeyri-neft sektoru üzrə daxilolmalar yerinə yetirilsə, dövlət büdcəsinin xarici valyutada daxil olan gəlirlərinin artıqlaması ilə icra edilməsi neft fondunun vəsaitlərinə qənaətə şərait yarada bilər.