İpoteka kreditləri portfeli 6 milyon 761 min manat artan Bank

15:28 - 27.10.2022


27 oktyabr, Fineko/abc.az. 2022-ci ilin 9 ayında "Bank Avrasiya" 5 milyon 42 min manat əməliyyat mənfəətinin 3 milyon 952 min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. Nəticədə Bank 9 ayı 1 milyon 91 min manat xalis mənfəət ilə bağlayıb.

ABC.AZ xəbər verir ki, ötən ilin 9 ayında "Bank Avrasiya" 4 milyon 849 min manat əməliyyat mənfəətinə qarşı mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata 7 milyon 647 min manat ayırdığı üçün həmin dövrü 2 milyon 798 min manat xalis zərər ilə bağlamışdı.

Kreditlər Bank üçün gəlir formalaşdıran əsas aktiv bölməsidir. 2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ilin 9 ayı ərzində "Bank Avrasiya"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 10 milyon 671 min manat və ya 9,3% artaraq 124 milyon 892 min manata çatıb. Bankın istehlak kreditləri portfeli 3 milyon 75 min manat, biznes kreditləri portfeli 835 min manat, ipoteka kreditləri portfeli 6 milyon 761 min manat artıb.