“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər edilib

15:20 - 19.08.2022


19 avqust, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyətinin 2022-ci il 1 avqust tarixli Qərarı ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər təsdiq edilib və avqustun 16-dan qüvvəyə minib.

Bu barədə ABC.AZ Mərkəzi Banka istinadla xəbər verir.

Bildirilib ki, cari ilin 6 ayında bankların istehlak krediti portfeli 14,9 faiz artıb. Qeyd olunanlar nəzərə alınaraq, məsuliyyətli və sağlam kreditləşmənin təmin edilməsi, o cümlədən əhalinin izafi borclanmasının qarşısının alınması istiqamətində borcun gəlirlərə nisbəti (BGN) əmsalı 45 faizdən yuxarı olan, lakin 70 faiz həddini keçməyən borcalanlara verilmiş istehlak kreditlərinin risk qrupları 50 faiz bəndi artırılıb.

Bütövlükdə, yeni dəyişikliklər postpandemiya dövründə tədricən artan iqtisadi aktivlik fonunda bank sektorunun maliyyə dayanıqlığının təmin edilməsi və gücləndirilməsini, habelə əhalinin izafi borcalanmasının qarşısının alınmasını, eləcə də borcalanların valyuta riskindən qorunmasını və banklararası bazarın inkişafını təmin edəcək.
Tədbirlər barədə daha ətraflı məlumatla link vasitəsilə tanış olmaq olar – https://e-qanun.az/framework/51186