“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni məhsullar istehsal olunacaq

14:57 - 28.07.2022


28 iyul, Fineko/abc.az. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına da sahibkarlar tərəfindən maraq çox böyükdür.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.

O qeyd edib ki, sənaye parkında artıq bir sahibkarlıq subyektinə ("KAMAZ Lizinq Azərbaycan" MMC-yə) rezidentlik statusu verilib.

"Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti olmaq üçün 10-dan çox layihəyə baxılır. Sözügedən layihələr dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların, dəmir əritmə və dəmir məmulatların, pambıq ipliyin, beton borunun, kirəmit və kərpicin istehsalı, texniki xidmət mərkəzinin təşkili və yük avtomobillərinin yığımı, TIR parkı və ofisin təşkili olunması layihələridir".

Qeyd edək ki, Sənaye Parkında logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.

Hazırda Sənaye Parkının 1 hektarında rezidentlərin istifadəsi üçün mobil tipli şəhərcik salınır. Yaxın günlərdə şəhərciyin salınması işləri başa çatdırılacaq.