“FINCA Azərbaycan”ın BOKT sektorunun ümumi kredit portfelində payı xeyli azalıb

15:51 - 11.11.2026


11 noyabr, Fineko/abc.az. “FINCA Azərbaycan” bank olmayan kredit təşkilatının (BOKT) ümumi BOKT sektorunun kredit portfelindəki payı son il yarımda əhəmiyyətli dərəcədə azalıb.

2024-cü ilin sonunda “FINCA Azərbaycan”ın BOKT sektorunun ümumi kredit portfelində payı 8,4% olduğu halda, 2025-ci ilin sonunda 6,4%-ə, 2026-cı ilin iyunun 30-na isə 4,95%-ə enib.

Beləliklə, təşkilatın bazar payı son il yarımda 3,45 faiz bəndi və ya nisbi ifadədə 41,1% azalıb.

Hesabat dövründə BOKT sektorunun ümumi kredit portfeli 2024-cü ilin sonundakı 808,3 milyon manatdan 2026-cı ilin iyunun sonuna 1 milyard 317 milyon manata yüksəlib. Bu, 62,9% artım deməkdir.

Eyni dövrdə “FINCA Azərbaycan”ın kredit portfeli 67,64 milyon manatdan 65,22 milyon manata enərək 3,6% azalıb.

Təkcə 2026-cı ilin ilk yarısında BOKT sektorunun kredit portfeli 26% artdığı halda, “FINCA Azərbaycan”ın kredit portfeli 2,4% azalıb. Nəticədə təşkilatın bazar payı altı ay ərzində 1,45 faiz bəndi geriləyib.

Beləliklə, BOKT sektorunda kreditləşmənin genişlənməsinə baxmayaraq, “FINCA Azərbaycan”ın kredit portfelinin azalması təşkilatın bazardakı nisbi mövqeyinin zəifləməsi ilə müşayiət olunub. Qeyd edək ki, “FINCA Azərbaycan” 1999-cu ildə dövlət qeydiyyatına alınıb. BOKT-un nizamnamə kapitalının 100%-i Niderlandda qeydiyyatdan keçmiş “FINCA Microfinance Cooperatief U.A.” şirkətinə məxsusdur.

©Plat.az