29 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, “Qırmızı Ürəklər” (“Red Hearts”) Fondu birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid
olan qəhrəman oğullarımızın xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra rayonlarında “Vətən Bağı”
layihəsini həyata keçirməyə başlayıb. Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan
igidlərin sayına uyğun ağac əkilir.
Bu dəfə ağacəkmə layihəsi PAŞA Bank ilə birgə Lənkəran və Astara da həyata keçirildi. Lənkəranda 252 ədəd
tükənməkdə olan dəmirağac növü, Astarada isə 124 ədəd sərv ağacı əkilib. Tədbirdə PAŞA Bank-ın əməkdaşları,
“Qırmızı Ürəklər” Fondunun üzvləri, rayon ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak edib. Ağacəkmə
aksiyası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli İcra Hakimiyyəti orqanlarının
dəstəyi ilə keçirilib.
Noyabr ayında da davam edəcək layihə PAŞA Holdinq ilə birgə Quba və Xaçmazda, Kapital Bank-la isə Biləsuvar və
Cəlilabadda təşkil olunacaq. Bu aksiyalar zamanı 1000-dək ağacın əkilməsi planlaşdırılır.
“Vətən Bağı” əsasən insanların sıx olduğu yerlərdə, parklarda və şəhərin mərkəzlərində təşkil olunur. Əkilən ağaclara
qulluq olunması, suvarlanması və digər lazımi tədbirlər yerli İcra Hakimiyyəti orqanları və “Qırmızı Ürəklər” Fondu
tərəfindən həyata keçirilir.
Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda
Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar
edir. Ətraflı məlumat üçün – www.redhearts.az.