Bu ilin sonunadək 500 mln. manat üzrə müraciətlər icra olunacaq - Fond rəhbəri

15:17 - 2.09.2021


2 sentyabr, Fineko/abc.az. Bildiyiniz kimi, zəmanət və subsidiya mexanizmi proqramı 500 mln. manat kredit tələbi üzrə hesablanıb.

ABC.AZ xəbər verir ki, bunu Sahibkarlığın İnkişaf Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Osman Xaliyev deyib.

O qeyd edib ki, Fond tərəfindən ilin sonunadək bu kredit tələbinə 60%-dək zəmanətin verilməsi gözlənilir. "Hazırkı durumda 362,6 mln. manat tələbini qarşılanması baş verib. Söhbət 211,4 mln. manat zəmanətdən gedir. Gözləyirik ki, bu ilin sonunadək 500 mln. manat üzrə müraciətlər icra olunacaq", - deyə Fondun rəhbəri bildirib.

Müraciətlərin sayına gəldikdə, O. Xaliyev əlavə edib ki, 2020-ci ildə 433 müraciət daxil olmuşdursa, 2021-ci ildə bu müraciətlərin sayı 1 215 təşkil edib və bununla da, ümumi rəqəm 1 648-ə çatıb.