10:28 - 22.04.2020
22 aprel, Fineko/abc.az. Ölkəmizdə pandemiya ilə mübarizə büdcəsi təxminən 3,5 milyard manat təşkil edir və vaxtında anti-böhran tədbirləri müəyyənləşdirilib, eyni zamanda manatın sabitliyi üçün 3 milyard manatdan artıq vəsaitlə valyuta bazarına müdaxilə edilib.
ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, postsovet məkanında yeganə olaraq Azərbaycan hökuməti milli valyutanın sabitliyini təmin etməklə əsas riskləri öz üzərinə götürdü və makroiqtisadi sabitliyi qorudu: "Yeri gəlmişkən, pandemiyanın təsirilə neft ixrac edən və tam üzən rejimə malik bütün ölkələrin valyutası devalvasiyaya uğramışdır. Pandemiyanın iqtisadiyyata təsiri ilə mübarizədə iki mərhələ olacaq. Hazırda böhranın dərinləşməsinin qarşısı alınır və sabitlik qorunur, ikinci mərhələdə iqtisadiyyatın bərpası başlayacaq. İqtisadiyyatın bərpası üçün ucuz maliyyə, yüngül vergi yükü və tələbi yaradan bazarlara çıxış daha önəmlidir".
Müəllif: Elmir Murad