Nazir Azərbaycanın qızıl ixracından danışdı - Ölkəmiz qızıl hasilatında böyük uğurlar əldə edib

15:53 - 4.02.2020


4 fevral, Fineko/abc.az. Fevralın 3-də keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, regionlarda dağ-mədən sənayesinin inkişafının sürətləndirilməsi və bunun ətrafında yeni sənaye klasterlərinin formalaşması perspektivli istiqamətlərdən biridir.

ABC.AZ xəbər verir ki, nazir qeyd edib ki, bu baxımdan, son illərdə ölkəmiz qızıl hasilatı və ixracı sahəsində böyük uğurlar əldə edib: “Bu sahədə həm dövlət, həm də özəl müəssisələrin fəaliyyəti genişlənməkdədir. Bununla yanaşı, regionlarda dağ-mədən sənayesinin digər istiqamətlərində də filiz, qurğuşun, qiymətli metallar istehsalı potensialı yüksəkdir.

İqtisadiyyatın bütün sahələrində əmək məhsuldarlığının artırılması inkişaf potensialımızın reallaşdırılması deməkdir. Bu hədəfə nail olmaq üçün regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrimizin imkanları da daha fəal istifadə edilə bilər”.