12:00 - 2.04.2019
02 aprel, Fineko/abc.az. Yeni nəsil kassa aparatlarının tətbiqi ilə yeniliklərdən biri kassa çeklərinə tələblərlə bağlıdır. Kassa çeklərində olan məlumatlara bir sıra əlavələr edilib.
Bu əlavələr nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti) və QR-koddur. Bunlardan QR-kod istehlakçıların maraqlarına xidmət edən yenilikdir.
Belə ki, mağazadan alış-veriş edən vətəndaş çekdə yerləşdirilmiş QR-kod vasitəsilə ona verilən çekin həqiqiliyini, həmin çekin Vergilər Nazirliyinin bazasında olub-olmamasını yoxlamaq imkanı əldə edəcək. Bunun üçün mobil telefonlara QR-kod reader mobil əlavəsini yükləmək və çeki telefona yaxınlaşdırıb bu əlavə vasitəsilə onun düzgünlüyünü yoxlamaq olar.
Pərakəndə ticarətdə nağd və nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaqlar. Bu baxımdan bu vəsaitin əldə edilməsi üçün alış-veriş zamanı alıcılara çeklərin düzgün təqdim edilməsi mütləqdir.