Dələduzluq qurbanı olsanız da borcu siz ödəyə bilərsiniz - Ali Məhkəmədən şərh

15:19 - 8.09.2026


8 sentyabr, Fineko/abc.az. Ali Məhkəmə vətəndaşların xəbəri olmadan adlarına rəsmiləşdirilən onlayn kreditlərlə bağlı hüquqi izah verərək xəbərdarlıq edib.

Məhkəmədən bildirilib ki, təkcə dələduzluq faktının olması kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir.

Çünki vətəndaşlar öz fərdi məlumatlarının (FIN kod, OTP kodları, biometrik məlumatlar və s.) qorunmasına görə şəxsi məsuliyyət daşıyırlar.

Bəzi hallarda şəxslərin öz təsdiq kodlarını və ya tətbiqə giriş məlumatlarını başqalarına verməsi dələduzluğa şərait yaradır və bu da məhkəmədə onların zərərinə nəticələnə bilir.

Məhkəmə vətəndaşlara SMS kodlarını, şəxsiyyət vəsiqəsi məlumatlarını heç kimlə paylaşmamağı, hesabları mütəmadi yoxlamağı və şübhəli hal baş verdikdə dərhal banka və hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edib.