Əsas məqsəd suvarma infrastrukturunun yenidən qurulmasıdır - ADSEA sədri

14:03 - 22.06.2026


22 iyun, Fineko/abc.az. Azərbaycanda fermerlərin etibarlı su təminatı üçün sistemli tədbirlər həyata keçiriləcək.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Xəyyam Məmmədov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.

Onun sözlərinə görə, Su Ehtiyatlarından Səmərəli İstifadəyə dair Milli Strategiya, ölkənin 2022–2026-cı illəri əhatə edən Sosial-İqtisadi İnkişaf Strategiyası, "Böyük Qayıdış" proqramı və yenicə təsdiqlənmiş 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində respublika miqyasında sistemli tədbirlər həyata keçirilir: "Fəaliyyətimizin əsas məqsədi suvarma infrastrukturunun yenidən qurulması, su itkilərinin minimuma endirilməsi və fermerlərin etibarlı su təminatı ilə təmin olunmasıdır. Yeni Dövlət Proqramının əsas xəttini ekstensiv yanaşmadan yüksək əlavə dəyər yaradan intensiv üsullara keçid təşkil edir. Su resurslarının səmərəli idarə olunması təkcə ekoloji məsələ deyil, həm də milli təhlükəsizlik və ərzaq müstəqilliyi baxımından strateji prioritetdir".