Dövlət fondları ötən hesabat dövründə bütün istiqamətlər üzrə 1,2 milyard manatlıq kredit veriblər

14:45 - 9.06.2026


9 iyun, Fineko/abc.az. Azərbaycanda dövlət fondları üzrə kreditləşmə 1,2 milyard manata çatıb.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu yaxınlarda təsdiq etdiyi "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üzrə Dövlət Proqramı" çərçivəsində maliyyə resursuna çıxış imkanını genişləndirmək əsas prioritetlərdən biri kimi müəyyən edilib:

"Bu istiqamətdə aqrar kredit kooperativlərinin yaradılması və dəstəklənməsi, aqrar sığorta sisteminin gücləndirilməsi, subsidiya, zəmanət və güzəştli kredit mexanizmlərinin genişləndirilməsi nəzərdə tutulur. Bu kontekstdə dövlət fondları tərəfindən verilən kreditlərin dinamikası da diqqət çəkir. Ötən hesabat dövründə dövlət fondları tərəfindən bütün istiqamətlər üzrə təqdim olunan kreditlərin həcmi 1,2 milyard manata çatıb".

Müəllif: Elmir Muradov