Naxçıvanda küçələrin işıqlandırılması üçün bir işıq dirəyi 5500 manata alınıb? - FOTO  

11:27 - 21.10.2025


 21 oktyabr, Fineko/abc.az.  Şəhərsalma və ictimai infrastruktur sahəsində küçələrin işıqlandırılması vacib amillərdən biridir. Küçələrin, prospektlərin, parkların yaxşı işıqlandırılması hər bir şəhər sakinin arzusudur. Lakin, bəzən bu cür işlərdə müvafiq büdcə xərcləri, şəffaflığın səviyyəsi və səmərəlilik istiqamətində suallar yaranır.

Məlumata görə, Naxçıvan şəhərində küçələrin işıqlandırılması üçün 650 ədəd hündürlüyü 11 metr olan işıq dirəyi, habelə 300 ədəd dirəyin başlığı satın alınıb. Sözügedən alqı-satqı üçün icra hakimiyyəti tərəfindən nəzərdə tutulan məbləğin təxminən 1 989 470 manat olduğu bildirilir. Bundan əlavə, digər mal‑materiallar (lampa, ampul, adaptör, kabel və s.) üçün 376 min manata yaxın əlavə vəsait xərclənib. Beləliklə, bir işıq dirəyi və başlığına orta hesabla 1 989 470 ÷ 650 ≈ 3 060 manat yönəldildiyi qeyd edilir.

ABC.AZ xəbər verir ki, Naxçıvan sakinləri isə bu rəqəmin, yəni xərclənən pulların daha artıq olduğunu iddia edirlər. Belə ki, onların sözlərinə görə, icra hakimiyyəti əslində bir işıq dirəyinə 5 500 manat xərclədiyini göstərib.  

Burada haqlı olaraq bir sıra suallar ortaya çıxır. Niyə bir işıq dirəyi üçün (dirək + başlıq) yüksək məbləğ xərclənir?. Axı, müasir işiqlanma sistemlərində, LED lampalar, modul başlıqlar, standart 8‑12 m dirəkləri Azərbaycanın digər yerlərində daha aşağı qiymətə alınıb. Beləliklə, bir işıq dirəyinin alınmasına 5 500 manatın ayrılması 650 ədəd üçün toplam 3 575 000 manatın xərclənməsi deməkdir. Bu isə alqı-satqıda ya işıq dirəklərinin sayı, ya da bir ədədin real qiyməti barədə anlaşılmazlığa işarə edir.

Müəllif: Elmir Murad