Bu yanaşma elektron pul təşkilatlarının dayanıqlılığının artırılmasına imkan verir

10:57 - 9.10.2025


9 oktyabr, Fineko/abc.az. Mərkəzi Bankın egidası altında “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması ölkəmizdə rəqabətədavamlı, qabaqcıl beynəlxalq təcrübə və trendlər nəzərə alınmaqla fintex ekosisteminin formalaşdırılmasına imkan verdi.

ABC.AZ-ın məlumatına görə, bunu Baku Fintech Forumda çıxışı zamanı “Azərbaycan Banklar Assosiasiyası”nın (ABA) sədri Zakir Nuriyev deyib.

O bildirib ki, Fintex ekosisteminin formalaşdırılması istiqamətində qanunvericilik tələblərinin müəyyən edilməsi, mühafizəkar mövqedən çıxış edərək ekosistemin daha dayanıqlı əsasda qurulmasına və ekosistemdə sağlam təşkilatların təmsil olunmasına şərait yaradıb.

"Ödəniş xidməti təchizatçıları sırasına elektron pul təşkilatları və ödəniş təşkilatlarının əlavə olunması isə rəqəmsal ödəniş ekosistemində yeni həll və texnologiyaların tətbiqi ilə yanaşı, yeni rəqabət sahələrinin yaranmasına səbəb oldu. Nümunə olaraq, elektron pul təşkilatları tərəfindən pul vəsaitlərinin birdən çox sayda bankda saxlanılması tələbi qeyd edilə bilər. Bu yanaşma ödəniş xidməti istifadəçilərinin pul vəsaitlərinin təhlükəsizliyini daha da möhkəmləndirməklə, elektron pul təşkilatlarının dayanıqlılığının artırılmasına imkan verir. Hesab edirik ki, maliyyə inklüzivliyinin inkişafı və açıq maliyyə yanaşmasının daha effektiv formada tətbiqi baxımından fintexlərin əlavə fəaliyyət istiqamətləri qanunvericilik əsasında genişləndirilməlidir" - deyə Z.Nuriyev bildirib.

Müəllif: Elmir Murad