“Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda dəyişiklik edilib

14:37 - 3.07.2025


3 iyul, Fineko/abc.az. Mərkəzi Bankın (AMB) İdarə Heyəti 18 oktyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nda dəyişiklik edib.

ABC.AZ xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, likvidliyin örtülmə əmsalı məcmu halda və milli valyutada ayrılıqda 100 %-dən aşağı olan bankda ani likvidlik əmsalı 30 %-dən az olmamalıdır. İndiyə qədər, bu əmsal hesablanarkən xarici valyuta nəzərə alınırdı.

Bank ardıcıl 5 gün likvidliyin örtülmə əmsalı tələb olunan həddə əməl etmədikdə, növbəti 5 iş günü ərzində AMB-yə likvidlik mövqeyinin bərpası ilə bağlı tədbirlər planı təqdim edilməlidir. Plan likvidliyin örtülmə əmsalı üzrə bu Qayda ilə müəyyən edilmiş hədlərə əməl etmədiyi tarixdən başlayaraq 45 gündən çox olmayan müddəti əhatə etməlidir.