BVF 2025-ci il üzrə Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb

14:33 - 9.04.2025


9 aprel, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondu (IMF) 2025-ci il üzrə Azərbaycanın iqtisadi artım proqnozunu 1% bəndi artıraraq 3,5%-ə qədər yaxşılaşdırıb.

ABC.AZ xəbər verir ki, bu barədə IMF-nin məlumatında bildirilib. Belə ki, 2024-cü ilin oktyabr ayında Fondun iqtisadi artım gözləntiləri 2,5% təşkil edib.

Bununla belə, IMF hesab edir ki, 2025-ci ildə iqtisadi artım ötən ilə nisbətən yavaşlayacaq.

Fond bunu neft və qaz hasilatının azalması, iqtisadiyyata qoyulan yeni sərmayələrin artım dinamikasının yavaşlaması ilə əsaslandırıb. Qeyd edilib ki, 2026-cı ildə iqtisadiyyat potensial istehsal səviyyəsinə daha da yaxınlaşacaq. Ölkə iqtisadiyyatında orta müddətdə isə 2,5% artım gözlənilir: “Xarici iqtisadi mühitin orta müddətdə zəifləməsi gözlənilir, karbohidrogen istehsalının və qiymətlərinin azalması ilə ticarət profisitinin daralması və qeyri-karbohidrogen ixracatının zəifləməsi, lakin xarici valyuta ehtiyatlarının güclü qalması proqnozlaşdırılır. İnflyasiyanın orta müddətdə Mərkəzi Bankın hədəf diapazonu olan 4±2 faiz arasında qalacağı gözlənilir. Bu, beynəlxalq ərzaq və enerji qiymətlərinin nisbətən sabit qalması və fiskal mühafizənin davam etməsi ilə bağlıdır”. (APA)