Naxçıvanda ÜDM əvvəlki illə müqayisədə 3,1 faiz artıb

14:15 - 27.02.2025


27 fevral, Fineko/abc.az. Ötən il Naxçıvan Muxtar Respublikasında ÜDM əvvəlki illə müqayisədə 3,1 faiz artıb.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a bildirilib ki, muxtar respublikanın xərclərinin ödənilməsində yerli gəlirlərin xüsusi çəkisi 2022-ci ildə 30 faiz, 2023-cü ildə 38 faiz, 2024-cü ildə isə 57 faiz təşkil edib.

Ümumilikdə ötən il muxtar respublikanın yerli gəlirlərinin 87,5 faizi İqtisadiyyat Nazirliyinin xətti ilə daxilolmalardan formalaşıb.

Son illərdə aparılan vergi siyasəti başlıca iqtisadi tənzimləmə alətlərindən olmaqla iqtisadi artımın təşviqinə və biznes mühitinin inkişafına yönəlib. Naxçıvanda 2023-cü il və 2024-cü ildə vergi nəzarəti tədbirləri minimuma endirilib. Naxçıvan, Şərur, Babək və Ordubad şəhərlərində sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsinin artırılması məqsədilə vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib. Həyata keçirilmiş tədbirlər nəticəsində sahibkarlıq subyektləri tərəfindən vergi sahəsində könüllü əməletmə səviyyəsi 2024-cü ildə 99,1 faiz, könüllü bəyanetmə isə 99,5 faiz təşkil edib. Beləliklə, muxtar respublikada vergi sisteminin təkmilləşdirilməsi məqsədilə reallaşdırılan tədbirlər vergi daxilolmalarını nəzərəçarpacaq dərəcədə artırıb. 2024-cü ildə Naxçıvanda vergi daxilolmaları 2023-cü illə müqayisədə 37,6 faiz artaraq 226,6 milyon manat təşkil edib. Bu, proqnoz göstəricilərlə müqayisədə 30,2 faiz çoxdur.