Azərbaycan və Dünya Bankı hansı layihəni müzakirə edib?  

11:21 - 28.01.2025


28 yanvar, Fineko/abc.az.  Azərbaycan və Dünya Bankı arasında "Azərbaycanda Bərpa Olunan Enerji Mənbələri Hesabına Elektrik Enerjisi İstehsalının Genişləndirilməsi Layihəsi” (AZURE) ilə bağlı müzakirələr aparılıb.

 Enerji Məsələlərini Tənzimləmə Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Samir Axundov energetika üzrə böyük mütəxəssis və tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunilin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan Dünya Bankının nümayəndə heyətini qəbul edib.

Görüşdə AZURE-nin iş həcminə edilmiş dəyişikliklər nəzərə alınmaqla onun qiymətləndirilməsi üzrə işlərin həyata keçirilməsi, habelə energetika sektorunun dəstəklənməsinə yönəlmiş texniki yardımın icra gedişatı müzakirə edilib.

Tərəflər tarif siyasəti ətrafında fikir mübadiləsi aparıb, həmçinin Dünya Bankının təklif etdiyi dəstək istiqamətləri və gələcək əməkdaşlığın davam etdirilməsi perspektivləri nəzərdən keçirilib.