Banklarımız 2060-cı ilə qədər yaşıl maliyyəyə 17 milyard dollar vəsait yönləndirməlidir

11:56 - 18.10.2024


18 oktyabr, Fineko/abc.az. 2060-cı ilə kimi Azərbaycan bankları tərəfindən yaşıl maliyyəyə 17.6 mlrd. dollar vəsait yönləndirilməlidir.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

O çıxışında bildirib ki, iqlim maliyyəsi axınları son on il ərzində yüksələn tepmlə artmaqdadır. Lakin bu həcm Paris Sazişinin məqsədlərinə çatmaq üçün tələb olunan səviyyədən çox geri qalır. Araşdırmalar göstərir ki, 2030-cu ilədək illik olaraq 8-9 trilyon ABŞ dolları, 2050-ci ilə qədər isə illik 10-11 trilyon ABŞ dolları iqlim maliyyəsi tələb olunur.

Bu məbləğ “Net Sıfır” üçün ümumilikdə təxminən 270 trilyon ABŞ dolları təşkil edir. Müqayisə üçün, bu gün qlobal ÜDM isə təqribən 100 trilyon ABŞ dollarıdır. Bununla belə, izlənilən qlobal iqlim maliyyəsi ilk dəfə 2022-ci ildə 1 trilyon ABŞ dollarını ötüb və 1,3 trilyon ABŞ dollarına çatmışdır.

Müxtəlif tədqiqatlar mövcud siyasətlərin davam etdiyi təqdirdə, istiləşmənin 3°C-ni aşacağını və bunun 2050-ci ilədək ÜDM-in ən azı 18%-i, 2100-cü ilə qədər isə 20%-i qədər makroiqtisadi itkilərə səbəb olacağını göstərir.